İçərişəhər Dövlət Tarix
Memarlıq Qoruğu

Tarixı mənbələrə görə Xəzər dənizi sahilindəki İçərişəhər adlanan ərazidə insanlar hələ tunc dövründən məskunlaşmışdılar. Hələ XII əsrdə İçərişəhər sərhədlərini müəyyən edən 10 metrlik qala divarları ilə əhatə olunmuşdur. Şəhərin ərazisi gəmiçilər, arabaçılar, hamamçılar və başqa məhəllələrə bölünmüşdü. İçərişəhərin ən böyük abidələri – Şirvanşahlar sarayı və Qız qalasıdır.

İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə bərabər qala divarları, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. Bu ərazi XIX əsrdən neft sənayesinin inkişafı ilə İçərişəhər adlanmağa başlamışdır. Minlərlə insanın müxtəlif yerlərdən işləmək üçün buraya axını başlamış və şəhər artıq qala divarlarının hüdudlarından çıxmağa başlamışdır.

İçərişəhərin gözəlliyi ondan ibarətdir ki, bura müasir şəhərin yaşayış məhəlləsidir və buranın qədim evlərində insanlar indi də yaşayırlar.
İçərişəhərin ərazisi 22 ha-dır. Arxeoloji qazıntılar hələ VII əsrdən İçərişəhərdə yaşayış binaları tikildiyini göstərir. Yerli şəraitə uyğunlaşdırılmış küçələr şəbəkəsi, ərazidən əlverişli istifadə edilməsi, əsas binaların yerləşdirilməsində dəniz amilinin nəzərə alınması İçərişəhəri şəhərsalma sənət nümunəsi kimi səciyyələndirir. Qız qalasının ətrafı orta əsrlərdə şəhərin mərkəzi olmuşdur. İndiki Azərneft meydanı tərəfdə dənizə yaxınlaşan qala divarları vaxtilə “Beş qüllə” adlanırdı. Qala divarlarının üş əsas darvazası olmuşdur – Şamaxı darvazası, Salyan darvazası və sahilə açılan darvaza.

XV əsdə Şirvanşahlar sarayı yerləşdiyi ərazi İçərişəhər planında əsas yer tutmuşdur. Dağüstü parkın ərazisindəki yeraltı sular “Şah kəhrizi” vasitəsilə şəhəri su ilə təchiz edir və xüsusi kanalizasiya sistemi yaradılmışdır. XVII-ci əsrdə çoxlu karvansara və ticarət binası inşa edilmişdi. Qala divarları təmir edilərək onların ikinci sırası tikilmişdir.

XVIII əsrdə Bakı xanlığının yaranması ilə əlaqədar olaraq İçərişəhərdə Xan Sarayı tikilmişdi və yeni su kəmərləri inşa edilmişdi (Hüseynqulu xan və Məhəmmədqulu xan kəhrizləri). Qala divarlarının ikinci sırası sökülmüş və 1888-ci ildə Şamaxı darvazası yanında ikinci darvaza tikilmişdir, beləliklə qoşa darvaza əmələ gəlmişdir.

1952-1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. O, 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, 1985-ci ildə isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.

27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçərişəhərin Ümumdünya İrs Siyahısına salınması haqqında məsələyə baxılmış və Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi (Qız qalası və Şirvanşahlar Saryı Kompleksı də daxil olmaqla) Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.

Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan Ümumdünya İrs siyahısına daxil edilmişdir. 2003-cü ilin 17 fevralında Ümummilli lider Heydər Əliyev bu tarixi abidənin daha ciddi qorunması üçün “Bakı şəhərində İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalamış və Nazirlər Kabinetinin nəzdində İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır. İdarənin yaradılmasında əsas məqsəd İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər kompleksi UNESCO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılmışdır.