Haaqa Konvensiyası


”Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” beynəlxalq Konvensiyaya və protokola Azərbaycan Respublikasının qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il mayın 14-də Haaqada imzalanmış Konvensiyaya və protokola qoşulduğunu bəyan edir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sənədlərə qoşulmaqla bağlı olan məsələlərin həllini təmin etsin.
3. Azərbaycan Respublikası Ali Sovetinin sədrinə tapşırılsın ki, bu qərar haqqında BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatının Baş direktoruna, məlumat versin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri İSA QƏMBƏR Bakı şəhəri, 21 aprel 1993-cü il № 574
«Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına dair 1999-cu il martın 26-da Haaqa şəhərində imzalanmış İkinci Protokola qeyd-şərt ilə (qeyd-şərtin mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 12 dekabr 2000-ci il.№ 41-IIQ.

"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol"a dair AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ Azərbaycan Respublikası "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına İkinci Protokol"un 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "işğal olunmuş ərazinin səlahiyyətli milli orqanları" dedikdə, Protokolun iştirakçısı olan Tәrәfin bütün ərazisində yerləşən mədəni sərvətlərin qorunması məsələləri ilə məşğul olan mərkəzi dövlət orqanını başa düşür.


Haaqa Konvensiyası və Protokolları

”Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında”
1954-cü il Haaqa Konvensiyası və Protokolları